Bakı. Trend:
Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. 2025-ci ilin sonuna olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 89 olub.
Trend bu barədə Mərkəzi Banka isitnadən xəbər verir.
Bildirilib ki, bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 2.1% təşkil edib: “4 İl ərzində 4 BOKT və 1 kredit ittifaqının (Kİ) lisenziyası ləğv edilib, 1 BOKT-yə isə yeni lisenziya verilib. Hazırda fəaliyyətdə olan BOKT-lərin 14-ü xarici kapitallıdır ki, onlardan 11-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq 3 903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297 olub”.
Məlumatda qeyd edilib ki, 2025-ci ildə BOKT sektorunun aktivlərinin həcmi artıb: “Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 25% (250 milyon manat) artaraq 1.24 milyard manat təşkil edib. Artımın əsas payçısı xalis kredit portfeli olub. Belə ki, il ərzində xalis kredit portfeli 28.8% (206 milyon manat) artıb. BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 26.5% (142.4 milyon manat) artaraq 679 milyon manat təşkil edib. Rezident maliyyə institutlarından cəlb edilmiş vəsaitlər ümumi öhdəliklərin artmasına əsas təsir edən amillərdən biri olub”.
