Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında büdcə daxilolmalarının strukturunda yerli vergi, rüsum və yığımlar üzrə müsbət dinamika qeydə alınıb. 2025-ci ildə cəmi vergi, rüsum və yığımlar 207,4 milyon manat plana qarşı 290,6 milyon manat icra olunaraq 140 faiz səviyyəsində yerinə yetirilib.
Trend-in məlumatına görə, vergi orqanları tərəfindən yığılan vergilər 192,0 milyon manat plana qarşı 267,95 milyon manat olub və plan 140 faiz icra edilib. Gömrük orqanları üzrə daxilolmalar 12,0 milyon manata qarşı 18,3 milyon manat olmaqla 153 faiz icra olunub. Digər daxilolmalar da planı xeyli üstələyib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 2,6 milyon manat plana qarşı 2,5 milyon manat olub və plan 96 faiz səviyyəsində icra edilib.
Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya 285,7 milyon manat plana qarşı 160,0 milyon manat təşkil edib, icra səviyyəsi 56 faiz olub.
2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 505,2 milyon manat plana qarşı 445,6 milyon manat icra edilib və plan 88,2 faiz səviyyəsində yerinə yetirilib. Xərclərin 443,8 milyon manatı büdcə xərcləri, 1,8 milyon manatı isə büdcədənkənar xərclər hesabına formalaşıb. İqtisadi təsnifat üzrə ən böyük xərc istiqaməti əməyin ödənişi olub. Bu istiqamət üzrə 318,3 milyon manat plana qarşı 304,1 milyon manat icra olunub, icra səviyyəsi 96 faiz təşkil edib. Əməyin ödənişi üzrə xərclər 2024-cü illə müqayisədə 6 faiz artıb. Malların, işlərin və xidmətlərin satınalınmasına 80,5 milyon manat plana qarşı 66,3 milyon manat yönəldilib və icra səviyyəsi 82 faiz olub. Qeyri-maliyyə aktivləri üzrə xərclər 69,7 milyon manat plana qarşı 46,7 milyon manat icra olunaraq 67 faiz səviyyəsində yerinə yetirilib.
