Bakı.Trend:
Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyəti dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır;
- obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib;
- yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb:
- obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
