Bakı. Trend:
NEQSOL Holding tərkibində fəaliyyət göstərən dörd şirkət Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 2025-ci il üzrə Azərbaycanın ən böyük 100 vergi ödəyicisi siyahısına daxil edilib.
2025-ci ildə NEQSOL Holding şirkətləri Azərbaycan dövlət büdcəsinə ümumilikdə 221,9 milyon manat vergi ödəyib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Ümumən, NEQSOL Holding tərkibində aparıcı vergi ödəyicilər sırasına Azerconnect Group, Norm, Bakcell, AzerTelecom, eləcə də Nobel Energy və digər qrup şirkətləri daxildir.
NEQSOL Holding-in iki şirkəti – Azerconnect Group və Norm – həmçinin Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə ən böyük 10 vergi ödəyicisi sırasındadır.
“2025-ci ildə NEQSOL Holding 221,9 milyon manat vergi ödəyib və dörd şirkətimiz ölkənin ən böyük 100 vergi ödəyicisi sırasında qərarlaşıb. Əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, holdinq dayanıqlı biznes fəaliyyəti, sərmayələr, yeni iş yerlərinin yaradılması və sosial təşəbbüslər vasitəsilə Azərbaycanın iqtisadi inkişafına töhfə verməyə davam edir. Bu nəticələr holdinqin iqtisadi artım, şəffaflıq və korporativ sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir,” – deyə NEQSOL Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan üzrə rəhbəri İmran Əhmədzadə bildirib.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə xüsusi önəm verir və inkişaf etdikcə ölkənin iqtisadi və sosial tərəqqisinə töhfə verməyə sadiq qalır.