Bakı. Trend:
Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Armands Krauze ilə görüşüb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın Latviya ilə əlaqələrin gücləndirilməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır. Bildirilib ki, Latviya ilə iqtisadi-ticarət tərəfdaşlığı inkişaf edir. Ötən il və bu ilin ilk iki ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması da buna dəlalət edir. Bununla belə, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün imkanlar diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanda investorlar üçün yaradılmış əlverişli fürsətlər haqqında məlumat verilib, müxtəlif istiqamətlər, o cümlədən, birgə müəssisələrin yaradılması, tranzit daşımalar, turizm və s. üzrə işbirliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər qeyd edilib.
Tərəflər ticarət, enerji, investisiya, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndiriblər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə Latviyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 6,945 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17,5 milyon dollar və ya 3,5 dəfə azdır.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Latviyadan reallaşan investisiyaların payı 0,1% təşkil edib.
