Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V.Bədəlova və 1959-cu il təvəllüdlü F.İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
