Bakı. Trend:
Məlum olduğu kimi, 28 iyun 2024-cü ildə Ailə Məcəlləsinə Azərbaycanda qohum evliliyini qadağan edən müddəalar əlavə edilib.
Belə ki, 2025-ci il iyulun 1-dən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanması qadağan edilib.
Bəs görəsən, yuxarıdakı müddəlar tərəflərdən birinin valideyninin valideynlik hüquqlarından məhrum edildiyi və ya ata adının dəyişdirdiyi halda da tətbiq olunurmu?
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tərəflərdən birinin valideynlərinin valideynlik hüquqlarından məhrum olması, yaxud onun ata adını dəyişdirməsi doğum haqqında akt qeydində tərəflərin valideynlərinə dair məlumatların dəyişməsinə səbəb olmadığından bu hal nikahın qeydiyyatı zamanı qanunvericilikdə müəyyən edilmiş qadağanı aradan qaldırmır.
Həmçinin, bioloji qohumların birgə uşağının olması nikahın qeydə alınması zamanı Ailə Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının tətbiqini istisna etmir.
Əlavə olaraq vurğulanıb ki, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.
Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.
Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.
Qeyd edilib ki, qanunun qüvvəyə minməsindən sonra Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən yuxarıda qeyd edilmiş kateqoriya qohumlar arasında heç bir nikahın qeydiyyatı aparılmayıb.
Qanunun qüvvəyə minməsinədək bioloji qohumlar arasında bağlanmış nikahlar isə etibarlı hesab edilir.
