Bakı. Trend:
Yaxın Şərqdə davam edən münaqişənin hərbi həlli yoxdur.
Trend xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlarda konkret razılaşma əldə olunmasa da, müzakirələrin baş tutması tərəflərin prosesə ciddi yanaşdığını göstərir və dialoqun bərpası istiqamətində mühüm, müsbət addım kimi qiymətləndirilə bilər.
Vurğulayıb ki, belə mürəkkəb məsələlər üzrə razılaşmanın qısa müddətdə əldə olunması real deyil və bu baxımdan konstruktiv danışıqların davam etdirilməsi vacibdir.
O, eyni zamanda qeyd edib ki, atəşkəs rejiminin qorunması xüsusi əhəmiyyət kəsb edir və bütün pozuntular dərhal dayandırılmalıdır.
BMT-nin Baş katibi münaqişənin nizamlanması istiqamətində vasitəçilik səyləri göstərən Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyəyə təşəkkür edib, beynəlxalq ictimaiyyəti bu təşəbbüsləri dəstəkləməyə çağırıb.
Bildirilib ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməli, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığını təmin etməlidirlər.
Bəyanatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 20 min dənizçi münaqişə səbəbindən faktiki olaraq blokadada qalıb. Boğazdan keçən dəniz daşımalarında yaranmış pozuntular qlobal iqtisadi qeyri-sabitliyin artmasına, eləcə də dünya üzrə milyonlarla həssas insan üçün ərzaq təhlükəsizliyinin daha da pisləşməsinə gətirib çıxarır.