Bakı. Trend:
Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində kommunikasiya xətlərinin layihəsinin sürətlə icrası məqsədilə təşkilati məsələlərin həlli Naxçıvan Nazirlər Kabineti tərəfindən operativ icra olunacaq.
Trend-in məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Ali Məclisin yaz sessiyasının aprelin 10-da keçirilən beşinci iclasında 2025-ci ilin yekunlarına dair hesabat məruzəsində deyib.
Baş nazir bildirib ki, muxtar respublikanın blokada şəraitinin aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin muxtar respublika ərazisindən keçən hissəsində dəmir yolu, avtomobil yolu, yüksəkgərginlikli elektrik verilişi xətlərinin çəkilişi, həmçinin digər kommunikasiya xətlərinin layihəsinin sürətlə icrası məqsədilə torpaq, əmlak, xammal təminatı və digər təşkilati məsələlərin həlli Nazirlər Kabineti tərəfindən operativ icra olunacaq.
C.Musayev əlavə edib ki, bunlarla yanaşı, ictimai nəqliyyatın müasir tələblərə uyğun qurulması məqsədilə şəhərlərarası marşrut xətlərinin yenidən formalaşdırılması, iri yaşayış məntəqələri arasında sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi və avtobus parkının yenilənməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunda bərpa və konservasiya işlərinin aparılması, xalq sənətkarlığının dirçəldilməsi və ərazinin turizm məkanına çevrilməsi məqsədilə müvafiq konsepsiyanın hazırlanması işləri davam etdirilir.
“2026-cı ildən etibarən sahibkarlıq fəaliyyətinə 10 il müddətinə tətbiq olunan güzəştlər sahibkarlığın inkişafını stimullaşdırmaqla işsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar yaradır.
Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Əhalinin mənzilə olan tələbatının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının, o cümlədən güzəştli mənzillərin tikintisi istiqamətində tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.
