...

Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərinə yeni tələblər müəyyənləşib

Siyasət Materials 15 Aprel 2026 16:14 (UTC +04:00)
Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərinə yeni tələblər müəyyənləşib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərinə yeni tələblər müəyyənləşib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Uşaq hüquqları haqqında Qanunda əksini tapıb.

Qanuna əsasən, uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmət əsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlı mütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavə edilib.

Uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuni nümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakı qadağan edilib.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının qorunması istiqamətində Cinayət Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formada olması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqların özündən və qanuni nümayəndələrindən alınır.

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydın mexanizmlərin müəyyən edilməsi məqsədi ilə "Uşaq hüquqları haqqında" qanuna xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək "Sosial xidmət haqqında" qanuna və "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə yeni normalar daxil edilib. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti