Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 798,2 milyon manat təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,9% azdır.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 19,7%-ə bərabər olub.
Dövr ərzində tikinti sektoruna yönəldilmiş investisiyalardan 510,4 milyon manatı mənzi tikintisi üzrə olub ki, bu da illik müqayisədə 26,6% azdır. Mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 12,6%-ə bərabər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,2 faiz çox olub.
Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9 faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3 faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.
