Bakı. Trend:
Türkiyənin Kahramanmaraş vilayətində orta məktəbə silahlı hücum edərək 4 nəfərin həyatına son qoyan, 20 nəfəri yaralayan səkkizinci sinif şagirdinin atası saxlanılıb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, qanlı hücumu törədən şagirdin özü ilə məktəbə gətirdiyi 5 silah və 7 güllə darağı onun atasına məxsus olub.
Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu bildirilir.
xxx
15:42
Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, yaralı sayı 20-ə çatıb.
Trend NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Kahramanmaraş valisi Mükərrəm Ünlüer jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hücumu həyata keçirən şəxs məktəbin 8-ci sinif şagirdidir və onun məktəbə atasına məxsus odlu silahlar gətirdiyi bildirilir.
NTV telekanalı bəzi mənbələrə əsasən, hücumu həyata keçirən şəxsin məktəb direktoru və ya müəllimi tərəfindən zərərsizləşdirildiyini bildirib.
xxx
15:19
Şanlıurfa liseyində baş vermiş qanlı insidentin ardında bu gün Türkiyənin başqa bir vilayətində - Kahramanmaraşda yerləşən orta məktəbə silahlı hücum olub.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, insident Onikişubat rayonunun Ayşel Çalık adına orta məktəbində baş verib.
İlkin məlumata görə, təfərrüatları məlum olmayan hadisə nəticəsində azı 6 nəfər yaralanıb.
Bundan başqa, NTV telekanalı ölənlərin də olduğunu bildirir.
Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadaları səfərbər olunub.
