Bakı. Trend:
Hörmüz boğazını Çin və bütün dünya üçün həmişəlik açıram.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu onlar üçün, həm də dünya üçün edirəm. Belə bir vəziyyət bir daha heç vaxt təkrarlanmayacaq. Onlar [Çin] İrana silah tədarük etməməyə razılaşıblar (...). Bu, müharibə etməkdən daha yaxşı deyilmi? Amma unutmayın, əgər lazım gələrsə, biz döyüşməyi çox yaxşı bacarırıq – üstəlik hamıdan qat-qat yaxşı!”, - Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
