Bakı. Trend:
"2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbuluna başlanılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.
Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur. Sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.
Nəzərə çatdırılıb ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.
Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur.
Dövlət Proqramına müraciət etmək üçün klikləyin.
