Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ərazisi üzrə nəqliyyat dəhlizlərində müxtəlif nəqliyyat növləri ilə yük daşımalarında fərqli dinamika qeydə alınıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 14,4 min ton yük daşınıb. Bu, nəqliyyat dəhlizlərinin strukturunda 43,5% paya malik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 20,2% azalıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında bu rəqəm 2 milyon 525,2 min ton təşkil edilib.
Eyni dövrdə dəniz nəqliyyatı ilə 811,2 min ton yük daşınıb və ümumi strukturda payı 17,5% olub. Bu sahədə illik müqayisədə 30,6% azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton yük daşınıb.
Avtomobil nəqliyyatı üzrə isə artım müşahidə olunub. Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında 1 milyon 808,8 min ton yük daşınıb və bu, ümumi yük daşımalarında 39% pay təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı ilə 1 milyon 649 min ton yük daşınıb.
Beləliklə, hesabat dövründə dəmir yolu və dəniz nəqliyyatında azalma, avtomobil nəqliyyatında isə artım qeydə alınıb.
