Bakı. Trend:
İranın yerli bazarının təmin olunması məqsədilə neft-kimya məhsullarının ixracının dayandırılmasına qərar verilib.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın Neft-Kimya Sənayesi Milli Şirkətinin yerli neft-kimya məhsulları istehsal edən müəssisələrə məktub ünvanlayıb.
Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən neft məmulatları və neft-kimya məhsullarının qiymətlərinin sabit saxlanmasını nəzərə alaraq neft-kimya məhsullarının qaçaq edilməsinin qarşısının alınması və ölkədə neft-kimya məhsullarından yekun məhsullar istehsal edən şirkətlərin tələbatının təmin olunması əhəmiyyət kəsb edir.
Əlavə edək ki, 28 fevral -7 aprel aralığında ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın neft-kimya zavodlarına ciddi şəkildə ziyan dəyib. Nəzərdə tutulan zavodların istifadəyə verilməməsi ilə ölkənin neft-kimya məhsullarının istehsalının 70%-dən çox azalacağı gözlənilir. Halbuki İranın qeyri-neft məhsul ixracında neft-kimya məhsulları 25% paya sahib idi.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
