...

Nantda “Qarabağ” həftəsonu məktəbində görüş keçirilib

Gündəm Materials 15 Aprel 2026 20:34 (UTC +04:00)
Nantda “Qarabağ” həftəsonu məktəbində görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fransanın Nant şəhərindəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbini ziyarət edib, tədris prosesi ilə yaxından tanış olublar.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsinin adını daşıyan məktəbin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nant şəhərində yaradılması və uğurla fəaliyyət göstərməsi diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən məktəbin rəhbəri Toğrul Zeynalov və müəllim Aynurə Hacıyeva tədris müəssisəsi ilə bağlı hesabat xarakterli çıxış ediblər.

Komitə sədrinin müavini Vaqif Seyidbəyov məktəbin fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib, burada formalaşan bilik və dəyərlərin soydaşlarımızın gələcək həyatında mühüm rol oynayacağını qeyd edib, onlara təhsil uğurları arzulayıb.

Görüş səmərəli fikir mübadiləsi, açıq dialoq mühitində keçirilib.

Məktəbin kollektivinin və valideynlərin iştirakı ilə keçirilən müzakirələr zamanı qeyd olunub ki, həftəsonu məktəbi yalnız dil və mədəniyyətin öyrədilməsi ilə kifayətlənmir, eyni zamanda müasir rəqəmsal bacarıqlarla zəngin, çevik və qlobal düşüncəli diaspor nəslinin yetişməsinə şərait yaradır, bölgədə ölkəmizin müsbət imicinin formalaşmasına töhfə verir.

Tədbirin sonunda şagirdlər zəngin və rəngarəng mədəni proqram təqdim ediblər. Proqram çərçivəsində onlar müxtəlif ədəbi-kompozisiyalar təqdim edib, şeirlər səsləndirib, milli musiqi nömrələri ifa ediblər. Onların çıxışları böyük rəğbətlə qarşılanıb. Hazırlanan proqram yalnız əyləncə xarakteri daşımayıb, eyni zamanda milli kimliyin, dilin və mədəni irsin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini nümayiş etdirib.

Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 100-ə yaxın həftəsonu Azərbaycan məktəbi var. Azərbaycan dövləti həmin məktəbləri, o cümlədən 20 aprel 2019-cu ildə Fransanın Nant şəhərində açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəbini lazım olan bütün vəsaitlə təmin edir və fəaliyyətlərinə dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti