Bakı. Trend:
Tehran yanlış qərar qəbul edəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları dəniz blokadasını qoruyub saxlamaq şərtilə İranın enerji infrastrukturuna hədəflənmiş zərbələr endirəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Heqset eyni zaman vacib bir məqama aydınlıq gətirərək ABŞ-nin Hörmüz boğazını deyil, İran limanlarını blokladığını bildirib və açıq dənizdə İran gəmilərini, o cümlədən tankerləri saxlamaq niyyətində olduqlarını dilə gətirib.
“Mesajımıza İranın hərbi rəhbərliyinə, SEPAH rəhbərliyinə müraciətlə başlayırıq – Biz sizi izləyirik! Bizim imkanlarımız sizin hərbi imkanlarınızla eyni deyil. Bu, bərabər bir mübarizə deyil. Biz hansı hərbi vasitələri hara və necə hərəkət etdirdiyinizi bilirik. Siz hazırda dağıdılmış və viran edilmiş obyektlərdən çıxmağa çalışdığınız bir vaxtda, biz daha da güclənirik”, – deyə Pit Heqset brifinqdə bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
