Bakı. Trend:
Enerji şirkəti “Tokyo Electric Power” (TEPCO) cümə axşamı bir neçə uğursuz cəhd, dayanma və enerji blokunun yenidən işə salınmasından sonra dünyanın ən böyük “Kasiwadzaki-Kariwa” atom elektrik stansiyasının kommersiya istismarına başladığını elan edib.
Trend xəbər verir ki, bu barədə yapon şirkəti məlumat yayıb.
AES-in 6-cı enerji bloku yanvar ayında yenidən işə salınıb və həmin vaxtdan bəri bir neçə texniki dayanma mərhələsindən keçib. Kommersiya istismarına keçidin sonuncu dəfə 18 martda həyata keçirilməsi planlaşdırılsa da, qəza siqnalizasiyasının işə düşməsi səbəbindən təxirə salınmışdı.
Buna reaktorun torpaqlama sisteminin komponentlərindən birinin aşınması səbəb olub. Hadisə nəticəsində radioaktiv maddələrin sızması qeydə alınmayıb.
Stansiyada ümumi gücü 8,2 GVt olan yeddi reaktor quraşdırılıb ki, bu da onu dünyanın ən böyük AES-i edir.
