Bakı. Trend:
Özəl tədris müəssisələrində peşə kurslarının təşkili ilə bağlı yenilik tətbiq olunub.
Trend xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özəl tədris müəssisələrinin peşə hazırlığı kurslarının təşkili ilə bağlı müraciət prosesi elektronlaşdırılıb.
Yeniliyə əsasən, tədris müəssisələri müvafiq kursların təşkili üçün müraciətlərini artıq birbaşa “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə elektron qaydada həyata keçirə bilərlər.
Bunun üçün ƏMAS-a daxil olaraq “Peşə hazırlığı” bölməsinin “Peşə hazırlığı müəssisələrinin əməkdaşlıq müraciəti” hissəsindən “Yeni müraciət”ə keçid etmək tələb olunur.
Bu imkan müraciət prosesinin daha operativ, şəffaf və səmərəli şəkildə idarə olunmasına, sənədlərin tam elektron qaydada təqdim edilməsinə şərait yaradır.
