Zəngilan. Trend:
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə səfər ediblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyətinə şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında infrastruktur layihələri icra olunur, yaşayış və inzibati binaların tikintisi davam etdirilir.
Səfər çərçivəsində komissiya üzvləri Zəngilanın gələcək inkişaf perspektivləri ilə tanış olub, bölgədə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
xxx
13:02
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.
Trend xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.
Məlumat verilib ki, “Ağıllı kənd" modelinin ilk nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Bu yaşayış məntəqəsi sıfırdan, innovativ və enerji baxımından səmərəli həllərlə inşa olunub.
Kəndin enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında 325 kVt gücündə günəş panelləri yerləşdirilib. Evlərdə kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar tətbiq olunub. Xüsusi izolyasiya materialları istilik itkisini minimuma endirir. Çirkab suların bioloji təmizlənməsi isə ildə 41 min kubmetr texniki suyun təkrar istifadəsinə imkan verir.
Ağalı kəndində yüksək sürətli GPON internet şəbəkəsi mövcuddur. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş çoxfunksiyalı işıq dirəkləri kəndin rəqəmsal infrastrukturunu tamamlayır.
Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.
