Bakı.Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyə qədər 1 400 km-dən çox avtomobil yolu tikilib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
O qeyd edib ki, artıq üç beynəlxalq hava limanı da istifadəyə verilib:
"İşğaldan azad edilmiş ərazilərdə 120 km-dən çox dəmir yolu xətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib. Bununla yanaşı yaşayış məntəqələri, kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır".
Ş.Mustafayev Azərbaycan və Rusiya münasibətlərinə də toxunub:
"Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. Hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər. Münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcək".
