Bakı. Trend:
Çinin bir neçə dövlət aviaşirkəti ölkədə ən sıx turizm mövsümlərindən biri ərəfəsində qlobal aviasiya yanacağı qiymətlərinin kəskin artması səbəbindən beynəlxalq reysləri kütləvi şəkildə ləğv etməyə başlayıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Ləğvlər başlıca olaraq Cənub-Şərqi Asiya və Avstraliya istiqamətlərini əhatə edib. Xüsusilə, istifadəçilər “China Eastern Airlines” və “Sichuan Airlines” aviaşirkətlərinin reyslərinin ləğv olunduğunu bildiriblər ki, bu da artıq səyahətçilər üçün ciddi narahatlıqlara səbəb olub.
Bəzi sərnişinlər qeyd ediblər ki, reyslərinin ləğv edildiyini səfərdən bir neçə həftə əvvəl, bəzi hallarda isə demək olar ki, son anda öyrəniblər. Bu da onların iş və təhsil planlarını pozub.
Aviaşirkətlər ləğvləri təsdiqləyərək bunu siyasətin tənzimlənməsi ilə izah ediblər, lakin konkret səbəblər açıqlanmır.
Vəziyyət Çində yaxınlaşan “Qızıl həftə” - may ayında qeyd olunan beşgünlük bayramlar fonunda inkişaf edir. Bu dövrdə ənənəvi olaraq daxili və beynəlxalq səfərlərin həcmi kəskin şəkildə artır.
