Bakı. Trend:
14-16 aprel tarixlərində Cenevrə şəhərində keçirilən ÜƏMT-nin İnformasiya və kommunikasiya texnologiyaları (İKT) Liderlik Dialoqu (WILD) çərçivəsində “Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi” mövzusuna həsr olunmuş yekun panel iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov onlayn formatda iştirak və çıxış edib.
Bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Kamran İmanov çıxışının əvvəlində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) belə aktual mövzunun müzakirəsi üçün yaradılan platformaya görə təşəkkürünü bildirib, İKT yetkinliyinin müasir dövrdə əqli mülkiyyət idarələrinin səmərəliliyinin və dayanıqlığının əsas göstəricilərindən birinə çevrildiyini vurğulayıb.
Qeyd edib ki, 2014-cü ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. K.İmanov 2025-ci ildə Prezident İlham Əliyevin “Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlədiyini xüsusilə vurğulayıb.
İKT yetkinliyinin yalnız texnoloji səviyyə ilə məhdudlaşmadığını diqqətə çatdıran Agentliyin sədri bildirmişdir ki, bu, həm də rəqəmsal transformasiyanın dərinliyi, proseslərin avtomatlaşdırılması, rəqəmsal xidmətlərin inkişaf səviyyəsi və kibertəhlükəsizlik kimi mühüm komponentləri əhatə edir.
K.İmanov Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən institusional islahatlar barədə panel iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, 2018-ci ildə yaradılmış Əqli Mülkiyyət Agentliyi daha çevik və şəffaf idarəetmə modelinin formalaşdırılmasına, müxtəlif əqli mülkiyyət istiqamətlərinin vahid platformada birləşdirilməsinə və rəqəmsal xidmətlərin inkişafına geniş imkanlar yaradıb.
Agentliyin sədri həmçinin ölkədə informasiya cəmiyyətinin inkişafı, rəqəmsal transformasiya və süni intellekt üzrə qəbul olunmuş strateji sənədlərin əqli mülkiyyət sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Agentlikdə tətbiq edilən rəqəmsal həllər barədə məlumat verən K. İmanov Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) elektron sistemi vasitəsilə sənədlərin onlayn qəbulu, “vahid pəncərə” prinsipi, açıq reyestrlər, 3D formatda müraciət imkanı və elektron hökumət platformaları ilə inteqrasiya kimi innovativ yanaşmaları diqqətə çatdırıb.
Bununla yanaşı, müəllif hüquqları sahəsində rəqəmsallaşma, açıq məlumat bazalarının yaradılması, süni intellekt əsaslı həllərin tətbiqi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verilib.
Çıxışının sonunda Kamran İmanov vurğulamışdır ki, bu cür beynəlxalq platformalarda təcrübə mübadiləsi rəqəmsal həllərin təkmilləşdirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına və milli əqli mülkiyyət sistemlərinin daha da gücləndirilməsinə mühüm töhfə verir.
K.İmanovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmiş ve alqışlarla qarşılanıb.
