Bakı. Trend:
Hər il bəşəriyyət iki milyard tondan çox tullantı yaradır.
Trend BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu Baş Assambleyanın iclasında çıxış edən BMT Baş katibi Antonio Quterreş deyib.
Baş katibin çıxışı 30 martda qeyd olunan Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuşdu. Bu ilki Beynəlxalq Günün mövzusu moda və tekstil sənayesinə fokuslanıb.
"Tekstil istehsalında insanların və ətraf mühitin sağlamlığına zərər verən minlərlə kimyəvi maddə istifadə olunur", - deyə Antonio Quterreş bildirib.
“Onlar istixana qazlarının yaranmasına səbəb olaraq iqlim böhranını dərinləşdirir. Geyimlər sürətlə istehsal olunur və atılır, bu isə yenilik və birdəfəlik istifadəyə üstünlük verən biznes modelləri ilə bağlıdır. Hər saniyə bir yük maşını dolusu geyim yandırılır və ya zibilliyə göndərilir.
Lakin moda sənayesi yalnız "toksik aysberqin görünən hissəsidir", - deyə Baş katib qeyd edib.
Onun sözlərinə görə, həddindən artıq tullantılar iqtisadiyyatın bütün sahələrində problemdir: “Əgər onları bir-birinin üstünə yığılmış yük konteynerlərinə yerləşdirsəniz, Aya gedib qayıda bilə. Yer üzündə isə zəhərli tullantılar torpağa, suya və havaya sızır və nəhayət, bizim özümüzdə toplanır", - deyə Antonio Quterreş vurğulayıb.