Şuşa. Trend:
Binaların tikintisində Şuşa daşlarından istifadə olunub və binalar Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb.
Bunu Trend-ə Şuşa şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov deyib.
“Bura Şuşanın mərkəzində olan Qarabağ küçəsidir. Qarabağ küçəsində əvvəllər - sovet dövründə inşa edilmiş çoxmənzilli binalar sökülüb onun əvəzinə çox gözəl memarlıq üslubuna uyğun olaraq binalar tikilir”, - o əlavə edib.
Onun sözlərinə görə, binalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində tikilir. Tikintisi davam edən 10 bina var.
“Həmin 10 ədəd binanın ikisinin sifarişçisi Şuşa Dövlət Qoruğu İdarəsi, digər səkkizinin sifarişçisi isə investorlardı. Binalar otel tipli, apart otel tipli, ofis binaları, qeyri-yaşayış mekanlar və restoran kimi fəaliyyət göstərəcək. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyyələrindən istifadə olunub. Binaların tikintisində Şuşa daşlarından istifadə olunub və Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb”.