...

Yasamalda aparılan söküntü işləri dayandırılıb, şirkətin nümayəndəsi polis bölməsinə dəvət olunub (VİDEO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 Mart 2025 14:41 (UTC +04:00)
Yasamalda aparılan söküntü işləri dayandırılıb, şirkətin nümayəndəsi polis bölməsinə dəvət olunub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilmiş və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birgə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - Dövlət Komitəsindən bildirilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır.

"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir", - deyə DİN-dən qeyd edilib.

Əlavə edilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: "Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır".

Qeyd edək ki, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.

xxx

14:24

Sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb.

Trend-in məlumatına görə, hadisə Yasamal, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.

Məsələ ilə bağlı FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

"Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti