...

Dünya Bankı Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini təsdiq etdi

Yaşıl iqtisadiyyat Materials 28 Mart 2025 09:27 (UTC +04:00)
Dünya Bankı  Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini  təsdiq etdi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq etmişdir.

Bu barədə Trend Dünya Bankına istinadən məlumat verir.

Bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək, və daha dayanıqlı və etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon ABŞ dolları məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, və bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə, sərmayə qoyması üçün əlverişli şərait yaradacaq. Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon ABŞ dolları məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.

“Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirmişdir. “Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq”.

AZURE layihəsi vacib ötürücü xətlərin və yarımstansiyaların genişləndirilməsi və gücləndirilməsinə yönəlmişdir:

• 240 meqavatlıq Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının ötürücü şəbəkəyə qoşulması;

• Özəl sektor tərəfindən hasil olunacaq 1 giqavatadək bərpaolunan elektrik enerjisinin təhlükəsiz və etibarlı şəkildə ötürülməsi üçün 330/500 kV yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və genişləndirilməsi;

• Özəl investisiyalar vasitəsilə 1,8 giqavat bərpaolunan elektrik enerjisinin sistemə daha yaxşı inteqrasiyası üçün şəbəkənin sabitliyinin gücləndirilməsi.

Stephanie Gil, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji praktikasının meneceri, əlavə etmişdir: "Layihənin Dünya Bankı Qrupunun keçən il başladığı Avropa və Mərkəzi Asiyada Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi (ECARES) çoxillik proqramına daxil edilməsi ilə AZURE hökumətləri, maliyyə institutlarını və özəl sektorun maraqlı tərəflərini bir araya gətirən və ən yaxşı təcrübələrin, tənzimləmə həllərinin və investisiya strategiyalarının mübadiləsini asanlaşdıran daha böyük platformadan faydalanır. Bu yanaşma vasitəsilə ən yaxşı qlobal və regional ekspertiza inkişafı sürətləndirməyə və özəl sektorun aparıcı rol oynadığı enerji həllərini geniş miqyasda və təkrarlana bilən şəkildə dəstəkləməyə kömək edə bilər".

Layihə çərçivəsində investisiyalar yüksək bərpaolunan enerji potensialına malik ərazilərin tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönələcək. Ötürmə qabiliyyətini artırmaq və etibarlılığı yüksəltməklə, layihə ev təsərrüfatlarının və müəssisələrin gələcək enerji ehtiyaclarını ödəyə biləcək daha möhkəm və çevik enerji sistemi yaradacaq. Bu, öz növbəsində, özəl investisiyaları cəlb etməyə, iqtisadi artımı dəstəkləməyə və iş yerləri yaratmağa kömək edəcək. Layihə regionda bərpaolunan enerjinin inkişafını və ticarətini artırmaq məqsədilə Azərbaycanın “yaşıl enerji dəhlizi” yaratmaq baxışlarını dəstəkləmək üçün ilk addımdır.

Xəbər lenti

Xəbər lenti