...

Orta Dəhliz Azərbaycanın logistika sektorunun inkişafını stimullaşdırır - Moody’s

İqtisadiyyat Materials 27 Mart 2025 11:57 (UTC +04:00)
Orta Dəhliz Azərbaycanın logistika sektorunun inkişafını stimullaşdırır - Moody’s
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Moody’s”in son analitik hesabatına görə, Orta Dəhlizin inkişafı Azərbaycanın logistika sektorunun genişlənməsinə təkan verir.

Trend xəbər verir ki, MDB ölkələrində iqtisadiyyatın tədricən artımı və şaxələndirilməsi müşahidə edilir.

“Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları karbohidrogen sektorundan asılılığı azaltmağa çalışır. Son on il ərzində bu ölkələrdə qeyri-neft sahələrinin iqtisadiyyatda payının artması da bunu sübut edir. Məsələn, hər iki ölkədə nəqliyyat-logistika sektoru sürətlə inkişaf edir ki, bu da Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) yüklərin həcminin artması ilə bağlıdır”, - hesabatda bildirilir.

Moody’s analitikləri vurğulayırlar ki, MDB ölkələrinin qlobal istehsal və logistika zəncirlərində iştirakı artır, belə ki, bu regiondan getdikcə daha çox beynəlxalq yük axını keçir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan xarici komponentlərdən sənaye istehsalında daha çox istifadə etməyə başlayıb və Rusiyanın təsirinin azalması fonunda beynəlxalq ticarət və istehsal proseslərində yeni rollarından faydalanırlar.

"Hökumətlər milli iqtisadiyyatların inkişafı və şaxələndirilməsi, həmçinin rəqabət qabiliyyətinin artırılması məqsədilə genişmiqyaslı proqramlar həyata keçirirlər. Bu təşəbbüslər institusional islahatlar və dövlət xərcləri ilə dəstəklənir. Eyni zamanda, hakimiyyət özəl sektoru bu layihələrin maliyyələşdirilməsinə daha çox cəlb etməyə səy gstərir, yeni investisiya imkanları yaradır. Nəticədə yerli banklar və inkişaf institutları beynəlxalq uzunmüddətli maliyyələşdirməyə daha çox maraq göstərməyə başlayıb",- hesabatda qeyd edilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti