Bakı. Trend:
2025-ci ilin fevral ayında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Yunanıstandan Bolqarıstana nəql olunan qazın həcmi 804 794,90 MVt/saat təşkil edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq boru kəmərinin operatoru olan ICGB məlumat verib.
"Bolqarıstandan Yunanıstana virtual revers yolu ilə tədarükün həcmi isə 126 064,66 MVt/saat təşkil edib", - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, İGB Bolqarıstana Cənub Qaz Dəhlizinə qoşulmağa imkan verir və “Şaquli Qaz Dəhlizi”nin bir hissəsidir. Boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir.
Hazırda qaz kəməri ildə 3 milyard kubmetr ötürmə gücü ilə işləyir, potensial genişləndirilməsi isə ildə 5 milyard kubmetr təşkil edir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizini əhatə edir və Moldova və Ukrayna kimi əsas bazarlara tədarük üçün etibarlı marşrut təmin edir.
X: @Lyaman_Zeyn