Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada somalili həmkarı Həsən Şeyx Mahmudla görüşüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi xəbər verib.
Məlumata əsasən, dövlət başçıları ikitərəfli münasibətlərin vəziyyətini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər
Söhbət zamanı prezident Ərdoğan Türkiyənin Somalinin sülh, təhlükəsizlik və ərazi bütövlüyünə böyük əhəmiyyət verdiyini vurğulayıb. Türkiyə prezidenti bildirib ki, Ankara Somali ilə Efiopiya arasında daimi sülh və sabitliyin bərqərar olması prosesinə kömək etməyə davam edəcək.
R.T.Ərdoğan Türkiyənin terrorizmlə mübarizədə Somali ilə fəal əməkdaşlığı genişləndirmək niyyətini də vurğulayıb. O, Türkiyənin terrorizmlə mübarizədə Somali xalqına davamlı olaraq dəstək verdiyinə diqqət çəkib.
Bundan əlavə, prezident Ərdoğan Türkiyə ilə Somali arasında iqtisadiyyat, ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.