...

Ekspert Azərbaycanda genişzolaqlı internetin sürətinin iki dəfə artmasına aydınlıq gətirdi

Cəmiyyət Materials 17 İyul 2025 15:14 (UTC +04:00)
Ekspert Azərbaycanda genişzolaqlı internetin sürətinin iki dəfə artmasına aydınlıq gətirdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürəti iki dəfə artıb. Bəs bu artım istifadəçilər üçün real olaraq nə deməkdir və vətəndaşlar bunu gündəlik həyatlarında hiss edirlərmi?

Böyük şəhərlərdə – xüsusən də Bakı, Gəncə, Sumqayıt kimi yerlərdə fiber-optik şəbəkələrin genişlənməsi və müasir texnologiyaların tətbiqi sayəsində bu fərq daha aydın hiss olunur.

İnternetin sürətinin artması, məsələn, videoların daha tez açılması, faylların sürətli yüklənməsi və gecikmələrin azalması kimi konkret üstünlüklərlə özünü göstərir.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, son bir ildə Azərbaycanda genişzolaqlı internetin sürətində baş verən 104%-lik artım ölkənin rəqəmsal inkişaf sahəsində atdığı strateji addımların uğurlu nəticəsidir.

Onun sözlərinə görə, “Ookla”nın iyun ayı üzrə hesabatı göstərir ki, orta sürət 81.36 Mbit/s-ə çatıb, bu da 2023-cü ilin iyununda olan 39.87 Mbit/s göstəricisindən iki dəfədən artıqdır:

“Azərbaycanın bu dövrdə beynəlxalq reytinqdə 4 pillə irəliləməsi təkcə texniki göstəricilərin yaxşılaşmasını deyil, davamlı və məqsədyönlü siyasətin real nəticəyə çevrildiyini göstərir. Ən önəmlisi isə budur ki, bu inkişaf yalnız paytaxtla məhdudlaşmayıb.

Bakı şəhərində sürət 91% artaraq 78.78 Mbit/s-ə çatsa da, ölkə üzrə ortalamanın daha yüksək olması regionların bu inkişafda mühüm rol oynadığını sübut edir. Bu isə o deməkdir ki, “Onlayn Azərbaycan” kimi infrastruktur layihələri nəticəsində regionlarla mərkəz arasında uzun illər mövcud olmuş “rəqəmsal uçurum” əhəmiyyətli dərəcədə azalıb”.

Ekspert vurğulayıb ki, digər ölkələrlə müqayisədə Azərbaycan üçün bu nəticə daha diqqətçəkicidir.

“Çünki əksər ölkələrdə yüksək sürət, əsasən, iri şəhərlərdə müşahidə olunur, regionlarda isə ciddi fərqlər qalmaqdadır. Bizdə isə bu tarazlığın tədricən bərpa olunması, internetin sürəti və keyfiyyətində əraziyə görə fərqin azalması inklüziv rəqəmsal inkişafın göstəricisidir.

Əlbəttə, vətəndaşların bu sürət artımını hiss etməsi istifadə etdikləri provayderdən, texnologiyadan (ADSL, LTE, fiber-optik), daxili infrastrukturdan və yerləşdikləri ərazidən asılıdır. Lakin bu gün artıq rayon mərkəzlərində və bəzi kəndlərdə belə fiber-optik bağlantılarla 100 Mbit/s və daha yüksək sürət əldə etmək mümkündür. Bu, həm təhsil, həm biznes, həm də dövlət xidmətlərinə çıxış baxımından regionlarda yeni imkanlar yaradır.

Nəticə etibarilə, bu artım yalnız bir texnoloji nailiyyət deyil, həm də sosial-iqtisadi bərabərliyin, inklüzivliyin və rəqəmsal suverenliyin təmin olunması istiqamətində əhəmiyyətli addımdır. Qarşıda duran əsas hədəf bu inkişafın davamlılığını təmin etmək, istifadəçi təcrübəsini yüksəltmək və rəqəmsal savadlılığı artırmaqla bu imkanlardan maksimum səmərə əldə etməkdir”.

Xəbər lenti

Xəbər lenti