Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 min 727 ədəd avtomobil idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 960,708 milyon ABŞ dolları olub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 9 min 392 ədəd və ya 22,2%, dəyər ifadəsi ilə 181,344 milyon ABŞ dolları, yaxud da 23,3% artıb.
Dövr ərzində ölkəyə 20,245 milyon ABŞ dolları dəyərində 250 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 865,346 milyon ABŞ dolları dəyərində 47 min 199 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.