Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp San-Fransisko ilə Los-Anceles arasında yüksək sürətli dəmir yolunun tikintisi üçün Kaliforniyada nəzərdə tutulan federal maliyyələşdirmənin dayandırıldığını elan edib.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu layihə 2008-ci ildə Kaliforniyanın o zamankı qubernatoru Arnold Şvartseneggerin təşəbbüsü ilə başlamışdı. Tramp layihənin artan xərclərini və icra müddətinin uzanmasını tənqid edib.
“ABŞ-nin vergi ödəyən zəhmətkeş vətəndaşlarına böyük məmnuniyyətlə bəyan edirəm ki, bu qiyməti fəlakətli dərəcədə şişirdilmiş Kaliforniya "heç yerə gedən yüksək sürətli qatarı" üçün maliyyələşdirmədən rəsmi olaraq azad olunurlar. ...Bizə vəd olunan dəmir yolu hələ də yoxdur və olmayacaq.Bu layihə həddindən artıq baha başa gələn, çoxsaylı tənzimləmələrlə yüklənmiş və bu günə qədər həyata keçirilməmiş bir təşəbbüsə çevrildi. ABŞ-ın nəqliyyat naziri Şon Daffinin sayəsində federal büdcədən bu dələduzluğa artıq bir sent belə ayrılmayacaq”, – Tramp “X” platformasında yazıb.