Bakı. Trend:
Avropa Komissiyası Avropa İttifaqı tarixində ən böyük 2 trilyon avro məbləğində rekord büdcə təqdim edib. Bu büdcə 2021–2027-ci illəri əhatə edən mövcud büdcə ilə müqayisədə Aİ-nin kənd təsərrüfatına ayrılan vəsaitdə əhəmiyyətli dəyişiklikləri və ixtisarları göstərir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, kənd təsərrüfatı subsidiyaları və regional inkişaf fondları birləşdirilərək ümumi dəyəri 865 milyard avro olan vahid meqa-fond yaradılacaq.
Məlumata görə, bu yeni vahid fond çərçivəsində Ortaq Kənd Təsərrüfatı Siyasəti (CAP) üçün ümumilikdə 300 milyard avro məbləğində sabit vəsait ayrılacaq və bu məbləğ əsasən gəlirlərin dəstəklənməsinə yönəldiləcək.
Avropa Komissiyasının fikrincə, 300 milyard avro minimal məbləğdir və bu vəsait kənd təsərrüfatı xərclərinin 80 faizini təşkil edəcək.
2021–2027-ci illər üzrə büdcədə Ortaq Kənd Təsərrüfatı Siyasəti (CAP) üçün 386,6 milyard avro ayrılmışdı, bunun 270 milyard avrosu isə fermerlərə birbaşa ödənişlərə yönəldilmişdi. Bu rəqəm yeni vahid fond çərçivəsində kənd təsərrüfatı üçün “rezerv olunmuş” 300 milyard avro ilə müqayisədə yüksək görünsə də, ekspertlər hesab edir ki, artım nominal xarakter daşıyır.
Bu dəyişikliklər kənd təsərrüfatının Aİ büdcəsindəki rolunun azaldığını və ümumi siyasət prioritetlərində ikinci plana keçdiyini göstərir.