Bakı. Trend:
Yaponiya Ali Audit Orqanları Asiya Təşkilatına (ASOSAI) töhfəsini davam etdirmək istəyir və digər Ali Audit Qurumlarının potensialının artırılmasına yardım etməyə hazırdır.
Bunu Trend-ə müsahibəsində Yaponiyanın Ali Audit İnstitutunun (Supreme Audit Institution) prezidenti Yuhei Harada Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində deyib.
O, Azərbaycanla audit sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirərək bildirib: "Audit sahəsində Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq prioritetlərimizdəndir. Sosial təminat xərcləri çox artıb və buna görə də bu sahəni əsas istiqamətlərdən biri hesab edirik"
Y. Harada qeyd edib ki, Yaponiyada ictimai işlərin auditinə dair təlim vermək üçün çox uyğun təlim institutu mövcuddur və digər tərəfdaş ölkələr bu institutun təlimlərindən faydalana bilərlər: "Başa düşürəm ki, Azərbaycanda bir çox tikinti layihələri həyata keçirilir. Tikinti sahəsində audit və digər sektorlarda bu təlimlər faydalı ola bilər. Təlim proqramı bir çox Ali Audit Qurumlarına təqdim olunub və ümid edirik ki, ictimai işlərin auditi sahəsində Azərbaycan Ali Audit Qurumları da bu proqramda iştirak edəcək".
"Regional səviyyədə biz Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) üzvüyük və burada bilik mübadiləsi ilə təlimlər çox vacibdir. Təxminən 2000-ci ildən bəri Yaponiyanın Ali Audit Qurumları bu qurumda potensialın artırılması üzrə inzibatçı kimi fəaliyyət göstərir və bu fəaliyyətlərə töhfə verir. Biz bu töhfəni davam etdirmək və digər Ali Audit Qurumlarının potensialını artırmağa yardım etmək istəyirik", - Y. Harada vurğulayıb.
"Yaponiya həmçinin, ətraf mühit və enerji sahələrinin auditinə cəlb olunub, lakin bu sahədə hələ də təcrübə qazanır, sınaq və səhvlərlə öyrənirik. Ümid edirəm ki, bu sahədə Azərbaycanla bilik və təcrübə mübadiləsi edə bilərik", - deyə Y. Harada əlavə edib.