Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələrinin 2025-ci ilin iyun ayında boru kəməri ilə təbii qaz idxalı illik ifadədə 12 faiz azalaraq 11,5 milyard kubmetr təşkil edib.
Bu barədə Trend Qaz İxrac Edən Ölkələr Forumu (GECF) istinadən məlumat verir.
GECF-in məlumatına görə, bu göstərici əvvəlki ayla müqayisədə də 5 faiz azdır. Bütün tədarükçülər arasında yalnız Azərbaycan iyun ayında Aİ-yə boru kəməri ilə qaz ixracında aylıq artım qeydə alıb. Norveçdən idxal isə planlaşdırılmış illik profilaktik işlər səbəbindən azalmağa davam edib.
“Hesabatın” mətnində qeyd olunur ki, 2025-ci ilin ilk yarısında Aİ-yə boru kəməri ilə qazın ümumi idxalı 71 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır. Eyni zamanda, Əlcəzairdən boru kəməri ilə qaz tədarükü illik ifadədə 2 faiz artıb, digər bütün tədarükçü ölkələrdən idxal isə azalıb. 2025-ci ilin iyun ayında Aİ-yə boru kəməri ilə qaz ixrac edən beş ən iri tədarükçü ölkədən heç biri illik ifadədə tədarükü artırmayıb.
2025-ci ilin yanvar-iyun aylarında Almaniyaya boru kəməri ilə qaz idxalı illik ifadədə 5 faiz artaraq regionun ümumi idxalının demək olar ki, dörddəbirini təşkil edib. Belçikaya idxal isə 1 faiz artıb və bunun nəticəsində 2025-ci ilin iyun ayına qədər bu ölkə Aİ-nin boru kəməri ilə qaz idxalında üçüncü yeri tutub. İtaliyaya tədarük ötən illə müqayisədə demək olar dəyişməyərək Aİ-nin 2025-ci ildə boru kəməri ilə qaz idxalının 15 faizini təşkil edib.
Əlcəzairdən boru kəməri ilə qaz ixracı İtaliya və İspaniyaya – Avropanın iki əsas istiqamətinə – illik ifadədə 2 faiz artıb. Bundan əlavə, 2025-ci ilin aprel ayından etibarən Birləşmiş Krallıqdan Aİ-yə interkonnektor qaz kəmərləri vasitəsilə boru qazının xalis axınında kəskin artım müşahidə olunur: 2025-ci ilin birinci yarısında bu istiqamətdən ixrac illik ifadədə 15 faiz artaraq 2,5 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəməri vasitəsilə çatdırır. Bu kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və bu göstəricini 20 milyard kubmetrə qədər artırmaq potensialı mövcuddur.