Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 3 min 832 ton neft bitumu ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda neft bitumunun ixracından əldə olunan gəlir 1 milyon ABŞ dolları olub.
Neft bitumunun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3 min 344 ton və ya 7,9 dəfə, dəyər ifadəsi ilə 910 min ABŞ dolları, yaxud da 11,1 dəfə artıb
Ötən ilin birinci yarısında Azərbaycandan xaricə 488 ton miqdarında, 90 min ABŞ dolları dəyərində neft bitumu ixrac edilmişdi.
Neft bitumu ixracı 2025-ci ilin ilk altı ayının ixracına nisbətən 0,01% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 115,3 min ton neft bitumu istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 min ton və ya 0,3% çoxdur. Ötən ilin birinci yarısında ölkədə 115 min ton neft bitumu istehsal edilmişdi. Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 13 min ton təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.