Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərinin “AzərEnerji” ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.
İlkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.
Qeyd edək ki, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini
çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin
ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş
verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı
və etibarlığı artırılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr
2024-cü il tarixli “Elektrik enerjisi və su təchizatı sahələrində
idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi
məsələlərin tənzimlənməsi haqqında” 235 nömrəli Fərmanının icrası
olaraq, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan
Muxtar Respublikası enerjisisteminin elektrik enerjisi generasiya
və ötürücü infrastrukturlarının idarəedilməsi üçün Cəmiyyətin
tərkibində “Naxçıvan Enerji” MMC təsis edilib, həmçinin “Naxçıvan
Muxtar Respublikasının Elektroenergetika Strategiyası”
hazırlanıb.
Strategiyada “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” və “Strateji Baxış İstiqamətləri” müəyyən olunub.
Bu işlər çərçivəsində 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq “Babək”, 110/35/10 kV-luq “Çeşməbasar” və 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.