Bakı. Trend:
Çin və Azərbaycan arasındakı münasibətlər çox yaxşıdır. Münasibətlərimiz tarixdəki ən yaxşı dövrünü yaşayır. Siyasi və iqtisadi əlaqələrimiz güclüdür. Buna görə də hesab edirəm ki, hazırkı məqam Çin və Azərbaycan arasında münasibətlərin ən yüksək nöqtəsidir.
Bunu Trend-ə Çinin Baş Auditoru Hou Kai Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasındakı münasibətlər iki fövqəlmilli institut arasında əməkdaşlığın inkişafı üçün çox yaxşı mühit yaradıb:
"Çin Asiyada investisiyalarını mütləq artıracaq və “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləməyə davam edəcək. Təbii ki, Azərbaycan da investisiyalarımızın yönəldildiyi əsas ölkələrdən biridir və ümid edirik ki, gələcəkdə Azərbaycana investisiyalarımızı artıra biləcəyik".
"Azərbaycan mühüm iqtisadi mərkəzə çevrilib. Təsadüfi deyil ki, ölkənin coğrafi mövqeyi və əlverişli iqtisadi mühiti Şərqdən Qərbə və əks istiqamətlərdə yük daşımalarının həm təhlükəsiz, həm də vaxta qənaət edən şəkildə həyata keçirilməsinə imkan yaradır", - Çinin baş auditoru vurğulayıb.
O, Azərbaycanın Orta Dəhlizə verdiyi töhfələri də yüksək qiymətləndirib: "Bu məqamda Azərbaycanın Orta Dəhlizə verdiyi mühüm töhfələri qeyd etmək istərdim. Çin Orta Dəhlizinin rəqabət qabiliyyətinin artırılmasında Azərbaycanla gələcək əməkdaşlığa ümid edir".
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.