Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 174,4 milyon ABŞ dolları dəyərində 571 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 47,7 milyon ABŞ dolları və ya 37,6%, həcm ifadəsində isə 41,8 min ton və ya 7,9% çoxdur. Ötən ilin birinci yarısında Azərbaycandan 126,7 milyon ABŞ dolları dəyərində 529,2 min ton kimya sənayesi məhsulları ixrac edilmişdi.
Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracına nisbətən 1,35%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 9,94% paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.