Bakı. Trend:
Nyu-York şəhərində, BMT-nin baş qərargahında Kipr probleminin nizamlanması ilə bağlı geniş formatda danışıqlar başlayıb. Bu, cari ilin əvvəlindən bəri ikinci belə görüşdür.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dörd ay əvvəl Cenevrədə keçən danışıqlar kimi, indiki görüş də “beş üstəgəl bir” formatında – daha dəqiq desək, adanın türk və yunan icmalarının liderləri, Kiprin təhlükəsizliyinə zamin duran 3 ölkə Böyük Britaniya, Yunanıstan və Türkiyənin XİN rəhbərləri, o cümlədən, BMT baş katibinin iştirakı ilə keçirilir.
Forum naharla başlayıb, görüşün bir saat çəkəcəyi nəzərdə tutulsa da, nəticədə üç dəfə uzun sürüb. Görüşün nə üçün uzandığına dair jurnalistlərin sualını cavablandıran Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis bildirib ki, “müzakirə maraqlı alınıb”.
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar “Kıbrıs” adlı türk-kipr qəzetinə verdiyi müsahibədə naharın “dostluq atmosferində” keçdiyini deyib.
Görüş zamanı BMT-nin Baş katibi Antonio Quterreş Kipr məsələsinin nizamlanması ilə bağlı danışıqların irəliləməsi üçün icmalararası etimadın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.