Bakı. Trend:
Hazırda ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərinin (ZRK) Ukraynaya mümkün qədər tez göndərilməsi üçün hazırlıq işləri sürətlə davam edir.
Trend xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç “Reuters” agentliyinə açıqlamasında bildirib.
“Hazırlıqlar tam sürətlə gedir, biz Almaniya ilə Patriot komplekslərinin ötürülməsi məsələsində çox sıx əməkdaşlıq edirik”, - general Almaniyanın Visbaden şəhərində keçirilən konfransda vurğulayıb.
Qrinkeviçin sözlərinə görə, ona bu komplekslərin “mümkün qədər tez” göndərilməsi göstərişi verilib.
Qeyd edək ki, bundan əvvəl (16 iyulda – red.) ABŞ prezidenti Donald Tramp NATO ilə razılaşma çərçivəsində ilk “Patriot” zenit-raket komplekslərinin tədarükünə artıq başlanıldığını bildirmişdi.