Bakı. Trend:
Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeni çoxillik maliyyə planını təqdim edib.
Trend “Bild” qəzetinə istinadla bildirir ki, təklif olunan büdcənin ümumi həcmi 2 trilyon avro təşkil edir. Bu, hazırkı büdcə dövrünü təxminən 700 milyard avro üstələməklə Avropa İttifaqının (Aİ) tarixində rekord hesab olunur. Yeni sənəd Aİ-nin 27 üzv dövləti və Avropa Parlamenti ilə qarşıdan gələn çətin və uzunmüddətli danışıqlarda müzakirəyə çıxarılacaq.
Təklif olunan büdcədə ən böyük xərclər kateqoriyası Milli və Regional Tərəfdaşlıq Fonduna aid olacaq. Bunun üçün 865 milyard avro ayrılması nəzərdə tutulur. Gələcəkdə ayrılacaq subsidiyalar məhz bu fond vasitəsilə yönləndiriləcək. Bundan əlavə, müdafiə sahəsi kimi prioritet istiqamətlərə aşağı faizli kreditlər təklif ediləcək, rəqabət qabiliyyəti üçün isə 110 milyard avro dəyərində ayrıca fond yaradılacaq.
Aİ-nin Ukraynaya dəstəyi üçün nəzərdə tutulan 100 milyard avroluq fond, eləcə də hərbi potensialın gücləndirmə planları Brüsselin maliyyə yükünü artırıb. Bununla yanaşı, pandemiya dövründə alınmış borclar üzrə 2028-ci ildən etibarən geri ödənişlərə başlanılacaq. Bu da büdcəyə əlavə təzyiqlər yaradır. Avropa Komissiyası büdcə vəsaitlərinin səmərəli şəkildə yönləndirilməsini, eyni zamanda, böhranlara daha çevik cavab verə biləcək mexanizmlərin qurulmasını hədəfləyir.
Komissiyanın təqdim etdiyi sənəddə 400 milyard avroluq yeni Böhran Fondunun yaradılması nəzərdə tutulur. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu barədə bildirib ki, müasir dövrdə böhranlar istisna deyil, artıq daimi hal alıb.