Bak.Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edilir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.
Xatırladaq ki, iyulun 15-də Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib. Yanğın nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb.