...

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır (FOTO)

Cəmiyyət Materials 16 İyul 2025 16:58 (UTC +04:00)
Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığını dəstəkləmək məqsədilə “Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA”və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, memorandum çərçivəsində birgə təhsil proqramlarının həyata keçirilməsi və tələbələr üçün praktik təcrübə imkanlarının yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Code Academy” ilə birgə həyata keçiriləcək proqram 1 illik ikili diplom modelinə əsaslanır. Proqramçərçivəsində tələbələr həm Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dövlət nümunəli diplomunu, həm də beynəlxalq sertifikasiyaya uyğun “Code Academy” diplomunu əldə edəcəklər. Tədris proqramına əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar – Qrafik dizayn və vizual kommunikasiyalar, Süni intellekt dəstəkli veb dizayn və proqramlaşdırma, eləcə də İnformasiya texnologiyaları və təhlükəsizlik daxildir. Bu proqram beynəlxalq standartlara əsaslanan müasir tədris, Tələbə Təhsil Krediti imkanları, real iş təcrübəsi və karyera dəstəyi ilə fərqlənir.

CASA ilə birgə həyata keçirilən proqram kulinariya sahəsində peşəkar təlimi əhatə edir. Proqramı uğurla başa vuran məzunlar zəmanətli işlə təmin olunacaq və aparıcı brendlərlə əməkdaşlıq edərək yüksək maaşlı karyera imkanı əldə edəcəklər. Həmçinin, tələbələr real iş mühitində təcrübə qazanaraq peşəkar şəbəkəyə çıxış əldə edəcəklər.

İmza Group ilə birgə həyata keçiriləcək ACCA F3 Mühasibatlıq Proqramı isə 3 il müddətinə nəzərdə tutulub.

Proqramı tamamlayan tələbələr F3 – Financial Accounting, F7 – Financial Reporting və F9 – Financial Management kimi beynəlxalq ACCA sertifikatlarına yiyələnəcəklər. Bu sertifikatlar tələbələrə yüksək maaş potensialı olan peşələrə çıxış, beynəlxalq səviyyədə tanınma və qlobal karyera imkanları qazandıracaq.

Tədbirin əsas məqsədi peşə təhsilində müasir yanaşmaların tətbiqi, davamlı tərəfdaşlığın möhkəmləndirilməsi və tələbələrin həm yerli, həm də beynəlxalq əmək bazarına hazırlanmasıdır. Mərasim çərçivəsində iştirakçılar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin imkanları ilə yaxından tanış olmaq üçün infoturda iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti