Bakı. Trend:
Azərbaycanın Suriyaya Türkiyə üzərindən qaz tədarükünə başlamaq barədə bu yaxınlarda verdiyi bəyanat regionda maraqla qarşılanıb. Razılaşma hələ ilkin mərhələdə olsa da, enerji sahəsindəki ekspertlər bunu Suriyanın bərpasına və regional enerji inteqrasiyasının güclənməsinə töhfə verəcək praqmatik addım kimi qiymətləndirirlər.
Azərbaycan qaz ixracının və enerji sektorundakı uğurlarının artması sayəsində qlobal arenada mövqeyini ildən ilə daha da möhkəmləndirir. İndiyədək ölkənin qaz tədarükü əsasən Avropa bazarlarına yönəlmişdi, lakin indi diqqət Yaxın Şərqə doğru yönəlir. Suriyaya qaz tədarükü və onun enerji infrastrukturunun bərpası ilə bağlı müzakirələr təşəbbüsün sözlərdən əməli addımlara keçdiyini göstərir.
Hazırda Azərbaycan əsasən Cənub Qaz Dəhlizi vasitəsilə 12 ölkəyə qaz ixrac edir. Yaxın Şərq marşrutunun əlavə olunması ilə Suriya bu ölkələrə 13-cü olaraq əlavə olunacaq ki, bu da Azərbaycanın ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsi və onun enerji diplomatiyasının güclənməsi deməkdir.
Trend-lə həmsöhbət olan "Atlantic Council" baş elmi işçisi və Avropanın enerji təhlükəsizliyi üzrə aparıcı ekspertlərindən sayılan Con Roperts texniki və geosiyasi qeyri-müəyyənliyə rəğmən, sözügedən sazişin məntiqinin "çox sağlam" olduğunu qeyd edib.
Onun fikrincə, Azərbaycanın iştirakı Suriyanın təcili enerji tələbatını ödəməyə kömək edəcək və eyni zamanda Türkiyənin əsas tranzit və logistika tərəfdaşı kimi rolunu möhkəmləndirəcək.
“Hələ də fiziki infrastrukturla bağlı məsələlər aktual olaraq qalmaqdadır,” – deyə Roberts bildirib. “Ərəb Qaz Boru Kəməri Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Hələb şəhərinə qədər çatmışdı, daha sonra isə sərhədə qədər 63 kilometrlik xəttin tikintisinə başlanılmışdı. Lakin onun başa çatıb-çatmadığı məlum deyil”.
Ekspert Azərbaycanın Suriyaya qaz tədarükü ilə bağlı iki ssenarinin mümkün olduğunu qeyd edib. Birinci ssenari – BOTAS-ın Türkiyədəki infrastrukturu vasitəsilə birbaşa boru kəməri ilə tədarükdür. İkinci ssenari isə svop (əvəzli) sxemə əsaslanır: bu zaman Azərbaycan qazı Türkiyədə istehlak olunur, BOTAS sistemindən bərabər həcmdə qaz isə Suriyaya göndərilir. “Azərbaycanın gəliri baxımından fərq, yəqin ki, əhəmiyyətli olmayacaq,” – deyə Roberts bildirib və əlavə edib ki, siyasi iradə olduğu təqdirdə çatışmayan boru kəməri hissələri sürətlə tikilə bilər.
2024-cü ildə SOCAR təbii qaz hasilatında artım nümayiş etdirib. “Şahdəniz” və “Ümid” yataqlarının sabit fəaliyyəti nəticəsində ümumi hasilat həcmi 50 milyard kubmetri ötüb – bu göstərici 2016-cı ildə uzunmüddətli proqnozlarla nəzərdə tutulan (təxminən 45 milyard kubmetr, yatağa qaz vurulması da daxil olmaqla) göstəricidən daha yüksəkdir.
Əhəmiyyətli mərhələlərdən biri də Şahdəniz konsorsiumunun Shah Deniz Compression (SDC) layihəsinə dair investisiya qərarını təsdiqləməsi olub. Bu qərar Azərbaycanın ən böyük qaz yatağının işlənməsinin üçüncü mərhələsini əhatə edir.
Dəyəri 2,9 milyard ABŞ dolları olan layihə, yataq təzyiqinin azaldılması yolu ilə qazın hasilat əmsalını artırmağa yönəlib. Gözlənilir ki, bu layihə nəticəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barrel kondensat hasil olunacaq və bunların hamısı ixraca yönəldiləcək.
Sanksiyalarla bağlı Roberts bildirib ki, ABŞ və Aİ tərəfindən tətbiq edilən məhdudiyyətlər hələ qüvvədə olsa da, geosiyasi vəziyyət dəyişməkdədir. “ABŞ-ın Ankaradakı səfiri son vaxtlar Suriya hökumətinə nisbətən müsbət qiymət verib”, – deyə ekspert bildirib. “Bu, sanksiyaların avtomatik olaraq ləğv olunacağı anlamına gəlməsə də, Vaşinqton onların müvəqqəti dayandırılması və ya tətbiq mexanizmlərinin yan keçilməsi yollarını axtara bilər – xüsusilə Suriya belə təşəbbüslərə, məsələn ‘İbrahim Razılaşmalarına qoşularsa”.
Türkiyə daxilində qazın çatdırılması ölkənin milli qaz-nəqliyyat operatoru BOTAS şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Roberts vurğulayıb ki, Azərbaycan və Türkiyə texniki xidmətləri arasında əlaqələndirmə sərhədin hər iki tərəfində infrastrukturun hazırlığının təmin olunması baxımından böyük önəm daşıyacaq. “Türkiyəli mühəndislər, bəlkə də azərbaycanlı mütəxəssislərlə birlikdə, sistemin texniki tələblərinə uyğunluğunu yoxlayacaqlar”, – deyə o əlavə edib.
Robertsin fikrincə, bu razılaşmanın geosiyasi təsirləri ümumilikdə məhduddur, lakin Suriyaya təsiri kifayət qədər hiss olunacaq: “Bu, qlobal enerji xəritəsini dəyişməyəcək, lakin on ildən çox müharibə yaşamış Suriya üçün hətta məhdud qaz tədarükü belə istilik sistemlərinin, elektrik enerjisinin və sənaye fəaliyyətinin bərpasına səbəb ola bilər”.
O həmçinin qeyd edib ki, bu razılaşma Azərbaycanın etibarlı regional tədarükçü kimi imicini möhkəmləndirir, Türkiyənin isə vasitəçi rolunu gücləndirmiş olur.
Lakin onun sözlərinə görə, əsas problem maliyyələşmədədir. “Əsas məsələ beynəlxalq investisiyaların cəlb olunmasıdır,” – deyə Roberts vurğulayıb. “İnfrastruktur və hasilatın artırılması üçün investisiyaları əsaslandıracaq uzunmüddətli müqavilələr lazımdır. Lakin Avropa institutları, xüsusilə Avropa İnvestisiya Bankı prinsipial səbəblərə görə yeni fosil yanacaq layihələrini dəstəkləmir. Avropa Yenidənqurma və İnkişaf Bankı da ehtiyatlılığını saxlayır”.
2024-cü ildə Azərbaycan təbii qaz ixracında rekord göstəriciyə nail olub – 25,3 milyard kubmetr. Bu, 2023-cü ildəki (23,9 milyard) və 2022-ci ildəki (22,4 milyard) göstəricidən çoxdur. Qaz ixracının Yaxın Şərqə genişlənməsi təkcə büdcə gəlirlərini artırmayacaq, həm də Azərbaycanın enerji ehtiyatları çatışmazlığı yaşayan ölkələr üçün etibarlı təchizatçı imicini gücləndirəcək. Bu, həmçinin SOCAR və onun tərəfdaşları üçün yeni investisiya imkanları açır.
Azərbaycan qazının Suriya və regionun digər ölkələrinə istiqamətlənməsi təkcə coğrafi genişlənmə deyil. Bu həm də geosiyasi təsirin artması, ixrac gəlirlərinin şaxələndirilməsi və Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfədir. Bu strategiyanın mərkəzində Suriyanın həm istehlakçı, həm də tranzit ölkə kimi mövqeyinin möhkəmləndirilməsi dayanır. Azərbaycan artıq təkcə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi deyil, Yaxın Şərq regionunun da enerji sabitliyinə töhfə verən aparıcı gücə çevrilməkdədir.