Bakı. Trend:
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Azərbaycana səfər edib. Səfər həm zaman, həm də məzmun baxımından əlamətdardır, belə ki, hal-hazırda ikitərəfli münasibətlər nəzərəçarpacaq yüksəliş mərhələsindədir.
Bakı ilə Aşqabad arasında əməkdaşlıq bir neçə əsas istiqamət üzrə inkişaf edir – enerjidən və logistikadan tutmuş siyasi əlaqələndirmə və humanitar təmaslara qədər. Görünən odur ki, yaxınlaşma kursu getdikcə sabit və qarşılıqlı faydalı səciyyə alır.
Son illərin ən parlaq diplomatik irəliləyiş nümunələrindən biri mübahisəli "Kəpəz/Serdar" yatağının "Dostluq" adlandırılmasıdır. Bu addımla tərəflər Xəzərdə birgə enerji əməkdaşlığına yol açdılar.
2021-ci ildən etibarən qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasından sonra Bakı və Aşqabad bu perspektivli neft-qaz yatağının kəşfiyyatı və işlənməsi istiqamətində əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirirlər. 2023-cü ilin noyabrında tərəflər SOCAR-ın Türkmənistanın digər yataqlarındakı layihələrdə iştirakını müzakirə ediblər ki, bu da öz növbəsində etimadın artmasından və uzunmüddətli planlardan xəbər verir.
İkitərəfli gündəlikdən əlavə, Azərbaycan və Türkmənistan Türkiyə ilə üçtərəfli formatda mövqelərini getdikcə daha çox uzlaşdırırlar. Söhbət Xəzər dənizinin statusundan tutmuş Avropaya enerji resurslarının etibarlı çatdırılma marşrutlarının yaradılmasına qədər strateji əhəmiyyətli məsələlərdən gedir.
Müəyyən disbalansların müşahidə olunmasına rəğmən, iqtisadi sahədə isə inkişaf sabitdir . Belə ki, 2024-cü ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 383,7 milyon dollar təşkil edib. 2025-ci ilin ilk beş ayı ərzində bu göstərici 118,5 milyon dollara çatıb. Bunun 99,2 milyon dolları Türkmənistandan idxalın, cəmi 19,2 milyon dolları isə Azərbaycandan ixracın payına düşür.
Eyni zamanda Türkmənistandan tədarüklərdə kəskin azalma müşahidə olunur. Ekspertlər bunu xammal bazarlarında dalğalanmalar və logistik çətinliklərlə əlaqələndirirlər. Bununla belə, potensial yüksək olaraq qalır – xüsusən də 2022-ci ilin dekabrında Avazada imzalanmış ticarət-iqtisadi əməkdaşlıq haqqında üçtərəfli saziş fonunda. Həmin vaxt Avropaya qaz tədarükü məsələlərini də əhatə edən işçi qrupu yaradılmışdı.
Energetika isə ikitərəfli qarşılıqlı əlaqənin əsas hərəkətverici qüvvəsidir. "Dostluq" yatağının işlənməsi ilə yanaşı, Azərbaycan və Türkmənistan İran üzərindən qaz mübadiləsi sxemində də iştirak edirlər. 2025-ci ilin əvvəlindən Bakı Aşqabaddan 155,3 milyon kubmetr qaz alıb, bu alışın dəyəri 23,3 milyon dollar təşkil edib.
SOCAR öz iştirakını fəal şəkildə genişləndirir – 2023-cü ilin noyabrında şirkət Aşqabadda nümayəndəlik açıb, oktyabrda isə "Türkmənqaz" rəhbərliyi ilə ardıcıl iki görüş keçirib. Gündəlikdə – enerji memorandumları, texnologiya mübadiləsi və mümkün birgə layihələr yer alır.
Lakin enerji gündəliyində əsas məsələ hələ də Transxəzər qaz kəməri (TXQK) olaraq qalır. Ekspertlərin 5 milyard dollar dəyərində qiymətləndirdiyi bu layihə uzun müddətdir ki, türkmən qazının Avropa bazarına çıxışının açarı kimi müzakirə olunur. Layihə Türkmənistanın infrastrukturunu Azərbaycan üzərindən Cənub Qaz Dəhlizinə (SGC) birləşdirəcək və İran və Rusiya marşrutlarından asılılığı aradan qaldıracaq.
Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici halqaya çevrilir. Bu baxımdan Xəzər dənizi yeni məna kəsb edir. Xüsusi fakt: son dövrdə Bakı–Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2 362 TEU-ya çatıb.
Əsas istiqamətlərdən biri də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən "Lazurit dəhlizi" (Lapis Lazuli) layihəsidir. Bu marşrut ənənəvi ticarət yollarına real alternativə çevrilir və yeni Avrasiya nəqliyyat qovşağını formalaşdırır.
"ADY Container" ilə Türkmənistanın logistika mərkəzi arasında imzalanmış memorandum sübut edir ki, yükdaşıma sahəsində əməkdaşlıq daha da genişlənəcək. Hər iki ölkə, həmçinin, İran körfəzinə çıxışı təmin edən Aşqabad sazişinə də üzvdürlər.
Münasibətlərin humanitar ölçüsü də inkişaf edir. Təkcə 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 12 min nəfərdən çox Türkmənistan vətəndaşı səfər edib – onların yarıdan çoxu turizm məqsədilə gəlib. Bu, yalnız açıqlığın göstəricisi deyil, həm də ortaq mədəni, dil və tarixi bağlarla birləşən xalqların yaxınlaşmasının əksidir.
Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri fonunda əminliklə demək olar ki, Azərbaycan və Türkmənistan davamlı strateji tərəfdaşlığa doğru irəliləməkdədirlər.
Energetika, nəqliyyat, ticarət, mədəniyyət – bu vektorların hər biri yaxınlaşmanın ümumi mənzərəsini tamamlayır, bu yaxınlaşma sözdə deyil, əməldə baş verir. Köhnə marşrutların etibarlığını itirdiyi, qlobal konfiqurasiyaların göz önündə dəyişdiyi şəraitdə, Xəzəryanı bu iki dövlət ortaq dil, ortaq maraq və getdikcə daha çox ortaq yol tapırlar.