Bakı. Trend:
“Abşeron” qaz-kondensat yatağı Azərbaycanda qaz hasilatı həcmlərini qorunub saxlanılmasına kömək olacaq.
Trend xəbər verir ki, bu haqda “Moody’s”in son hesabatında deyilir.
“Yatağın ehtimal olunan ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox qaz kondensatı həcmində qiymətləndirilir. Dənizdə tikinti işlərinə 2020-ci ildə başlanılıb, hasilata isə 2023-cü ilin ortalarından start verilib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Layihə SOCAR (35%), TotalEnergies (35%) və “Abu Dhabi National Oil Company” (30%) şirkətlərinin birgə müəssisəsi tərəfindən həyata keçirilir”, – deyə hesabatda qeyd olunur.
“Moody’s” analitikləri qeyd edirlər ki, SOCAR-ın karbohidrogen hasilatının sabitləşməsi dövründən sonra 2024-cü ildə şirkətin neft və qaz hasilatı müvafiq olaraq 3,8% və 8,3% azalıb.
“Bununla belə, şirkət bu azalmaya əməliyyat göstəricilərində təbii və qısamüddətli dalğalanma kimi yanaşır, orta və uzunmüddətli dövrdə hasilat həcmlərinin sabit qalacağını gözləyir. Bundan əlavə, neft və qaz hasilatını dəstəkləmək məqsədilə SOCAR “upstream" sektorunda beynəlxalq genişlənməyə başlayıb. Bu isə 2024-cü ildə “Abu Dhabi National Oil Company” şirkətindən Umm Lulu və Satah Al Razboot dəniz neft yataqlarında 3%-lik iştirak payının alınması, həmçinin, 2025-ci ildə İsrailin Tamar dəniz qaz yatağında 10%-lik iştirak payının əldə edilməsi ilə nümayiş olunur”, – deyə hesabatda bildirilir.