Bakı.trend:
Mayın 29-dan etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli–Abbasqulular–Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Bəs görəsən, hazırda Tovuz və Gədəbəy rayonlarını əhatə edən 13 kəndin yol infrastrukturunda görülən işlər hansı mərhələdədir?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, ölkə başçısının sərəncamına uyğun olaraq sözügedən yolun yenidən qurulmasına başlanılıb.
O qeyd edib ki, yolun uzunluğu 24,6 kilometrdir. İlkin mərhələdə, 2025-ci il üçün həmin yolda işlərin həyata keçirilməsi məqsədilə 1,5 milyon manat vəsait ayrılıb.
"Yol 13 yaşayış məntəqəsini əhatə edir və bu məntəqələrdə 21 mindən artıq əhali yaşayır.
Hazırda ayrılmış vəsait çərçivəsində yolda müvafiq işlər həyata keçirilir və davam etdirilir. Bu mərhələ keçid layihə hesab olunur, növbəti illərdə isə ayrılacaq vəsaitə uyğun olaraq işlərin davam etdirilməsi nəzərdə tutulur", - AAYDA rəsmisi əlavə edib.
Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə sözügedən yolların yenidən qurulmasına başlanılıb. Layihə üzrə avtomobil yolları IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Yolboyu suların ötürülməsi məqsədilə zəruri nöqtələrdə suötürücü boruların, yenidənqurma işlərinin yekun mərhələsində hərəkətin təhlükəsiz və nizamlı təşkili üçün yol nişanlarının və kilometraj göstəricilərinin quraşdırılması, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində ümumi uzunluğu 24.6 kilometr olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir.
Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Xüsusilə payız-qış mövsümündə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsində çətinliklər yaranırdı.